Qərb dünyasında amerikalı Çarlz Dou (Dow Jones İndeksinin yaradıcısı) texniki analizin banisi hesab olunur. O, 1884-cü ildən "Wall Street Journal"-da bir sıra məqalələrində qrafik təhlili ilə bağlı Dou nəzəriyyəsi haqqında yazmağa başladı. Dou heç vaxt səhm qiymətlərini proqnozlaşdıra bilən elmi nəzəriyyə yaratdığını iddia etməmişdir. O, kəşfini yalnız ümumi bazar tendensiyalarını daha yaxşı müəyyən edən alət kimi təqdim edirdi. Yanaşmasının əsasını maliyyə bazarlarının tsiklik olması, qısa, orta və uzunmüddətli dalğalarda hərəkət etməsi təşkil edirdi.
Bir müddət sonra 1930 - 40-cı illərdə ABŞ riyaziyyatçısı Ralf Nelson Elliott Çarlz Dounun modeli üzərində Elliot dalğa nəzəriyyəsini yaratdı. Bu yanaşma artıq trend dövrlərini göstərir, Dou isə trend nəzəriyyəsindən daha çox riyazi model olaraq tanınırdı.
Dövrünün ən nüfuzlu maliyyə müxbirlərindən biri olan Riçard V. Şabaker ilk dəfə 1932-ci ildə nəşr etdirdiyi “Texniki Analiz və Fond Bazarı Mənfəəti: Proqnozlaşdırılan Kurs” adlı kitabında, bu gün də qüvvədə olan, həndəsi hesablamalara əsaslanan qrafik analizin xülasəsini dərc etmişdir.
Kompüter texnologiyasının geniş yayılması ilə qrafik metodunun analiz modelləri bazara təsir etməyə başladı. 1980-ci illərdən etibarən texniki ticarət modelləri aktiv tətbiq edilə bilir və beynəlxalq maliyyə bazarlarında iri həcmli investisiyaların ticarəti üçün istifadə olunur.