11.2.23
Almaniyada inflyasiyanın yenidən artması xəbərindən sonra EUR/USD məzənnəsində ucuzlaşma başladı. GBP/USD və JPY/USD məzənnələri də müqavimətlə rastlaşır. Avro 1.07, funt sterlinq 1.21 $-ın altında, USD/JPY 131 ¥-in üzərində ticarət edilir. Dollar indeksi 103.64 punkta yüksəlib.
Ölkədə istehlak qiymətlərinin bahalaşması, iqtisadiyyatda inkişafı zəiflədir, maliyyə bazarlarında güvəni azaldır və investorların uzaqlaşmasına səbəb olur. Ayın 13-də başlayacaq yeni həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 17:30-da ABŞ və çərşənbə günü saat 11:00-da İngiltərədən də istehlak qiymətləri indeksi yayımlanacaqdır.
"OPEC+"-un enerji bazarlarına müdaxiləsi nəticəsində dünyada yüksələn qiymətlər fonunda əziyyət çəkən iqtisadiyyatlar, əlavə olaraq monetar siyasətlərin sərtləşməsi ilə daha da ağırlaşdı. Bu səbəbdən mərkəzi banklar hazırda əlavə faiz artımına gedə bilmirlər, baxmayaraq ki, inflyasiya yenidən artır. FED, BoE, AMB və BoJ sərt monetar siyasətlərinin güclü fundamental göstəricilər ilə dəstəklənməsini gözləyirlər.
Lakin son günlər, bu azmış kimi, FAANG və digər böyük texnologiya şirkətlərinin kütləvi ixtisar dalğasına başlaya biləcəyi danışılır. Bu isə FED-in yeganə güvəndiyi güclü əmək bazarı amilini də əlindən çıxartmış ola, işsizlik yenidən arta bilər.
Facebook, Amazon, Apple, Netflix, Google və s. kimi böyük texnologiya şirkətlərinin məhsullarına son dövrlərdə, xüsusilə, pandemiyadan sonra tələb artsa da rəqabətin güclənməsi, iqtisadiyyat - dövriyyə fonunda təhlükənin və risklərin artması, idarə etmədə ehtiyatlı qərarların verilməsinə səbəb olur. İxtisarlar, yenidən strukturlaşdırma və xərclərin azaldılması ilə dözümlülüyünü artırırlar.
Beləliklə, beynəlxalq valyuta birjalarında aparıcı məzənnələrin təzyiq altında qalacağı proqnozlaşdırılır. Qızıl investorların güvənli liman maliyyə aləti kimi dəyər qazana bilər.