26.3.23
Dünyada, xüsusilə qərb maliyyə bazarlarında son günlər yaranan 2008-ci ildən sonra növbəti həyacanlı bank böhranı narahatlıqları Bakıda da diqqətlə izlənilir.
ABŞ iqtisadiyyatının bütün - ənənəvi və gələcəyin yeni texnologiya sahələri 2022-ci ilin IV rübündən dəstək görməyə başladığı bir dövrdə, bank sektoru yazın gəlişi ilə ani hadisələr ilə hamının əlini ağzında qoyub. Keçən həftə Avropanın ən böyük investisiya bankı Deutsche Bank ətrafında gələn daun xəbərləri, təhlükəyə dair siqnalları daha da gücləndirdi.
Lakin mərkəzi banklarının soyuq yanaşmasına qoşulmaqda fayda var, baxmayaraq ki, "böyüklərin" məqsədlərinin sakitləşdirmək olması ilə bağlı fikir formalaşdırmağa çalışanlar da kifayət qədərdir. Bundan əlavə, məqalədə hadisələr sadə günlərdən biri kimi təsvir edilib əsaslandırılsa da birjalarda qarışıq qiymət mənzərəsi - mənfi korrelasiyalarla müşayət olunan uzun bir dövr başlaya bilər.
Qiymət və ya maliyyə stabilliyi.
İnkişaf etmiş ölkə iqtisadiyyatlarında başlayan sözügedən çat, sərt monetar siyasətin sosial və iqtisadi cəmiyyətdə müqavimətlə rastlaşdığı bir dövrdə, inflyasiyanın daha da yüksəlməyə davam etməsi xəbərlərindən sonra yarandı.
Ucuz pul və borc üzərində qurulmuş iqtisadiyyatlarda faizlər artanda, istehlak daralmaqla yanaşı, qlobal siyasi münaqişələrin dərinləşməsi ilə birincinin üzərinə yüksək inflyasiya gələndə, alıcılıq qabiliyyəti daha da azalmış olur. Yəni yüksək inflyasiya dövründə insanlar qənaətə meyilləndiyi üçün həm xərclərini kəsir, həm də banklardan uzaq gəzir. Bu səbəbdən qərb dinamik iqtisadiyyatının lokomotivi olan banklar vəziyyətə reaksiya verən ilk sektor olur.
Amerika qitəsində dərin böhrandan xəbər verən mənfi tendensiya, özünü Avropada "Deutsche Bank"-ın səhmlərinin - aktivlərinin sürətlə enməsi ilə göstərməyə başlayıb. Beləliklə, bununla bütün qərb dünyasında həyəcan zilləri çalınmağa başlayıb.
Bundan sonra hamı mərkəzi bank nümayəndələrinin dilindən bir suala cavab axtarır: Yüksək inflyasiyanın qarşısını almaq üçün sərt monetar siyasətə davam etdiriləcək? Qiymət yoxsa maliyyə stabilliyi prioriet olacaq?
Jerom Povel (FED) ilə bərabər Kristin Laqardın (AMB) həyəcana lüzum olmadığını və maliyyə bazarının dayanıqlı olduğunu açıqlamalarının, əlbəttə ki, izahı vardır. Araşdırmaların nəticələri onu göstərir ki, eniş dalğasının səbəb olduğu son dib səviyyələr, korona böhranından əvvəlki dövrün üzərindədir və eyni zamanda, aşağı qırılmalar çaşdırıcı ola bilər. Lakin bu, rahat davranmağa əsas vermir. Bu səbəbdən də FED və AMB kimi bütün aparıcı mərkəzi banklar sərt monetar siyasətlərini bir müddət dayandıra bilərlər. İlk əyləcə sıxılacağı tarixə dair ehtimallar üçün nəzərə almaq lazımdır ki, məqsəd sistemi tam aşırtmaq istəməmələridir, amma təhlillər onu da göstərir ki, iqtisadiyyatın dözmək imkanı kifayət qədər çoxdur. Belə ki, texnologiya və transmilli şirkətlərin əksəriyyətində heç böhrandan söz belə getmir.
Mərkəzi bankların inflyasiya gözləntiləri tədricən enə bilər.
Bütün bunların özünü maliyyə bazarlarında qiymət və trendlərdə necə göstərəcəyinə gəlməmişdən əvvəl, yüksək inflyasiyaya da toxunmaq lazımdır. Mərkəzi banklar faiz artımına fasilə verərlərsə, yüksək inflyasiya böyük problem ola da bilər, olmaya da bilər. Bunun haqqında mümkün ssenariləri cari şəraitdə ortaya qoymaq ciddi yanaşma olmayacaq, çünki əsaslanacaq statistika yoxdur. Yenə də öz fikrimi bildirməli olsam, həm neft qiymətlərinin qlobal eniş dalğası fonunda sürətlə ucuzlaşması, həm də ciddi siyasi böhran yaşanılan inkişaf etməkdə olan ölkələrin əksəriyyətinə qarşı sanksiyaların tətbiq edilməsi, bahalaşan qiymətlərin şimal ölkələrinə idxalının qarşısını ala bilər. İkinci səbəb: Amerikada texnologiya sektorunda, xüsusilə 5G sənayesində irəliləyişlər qənaətbəxş olduğu üçün özəl sektor böhrandan çıxış yolunu yüksək qiymətlərlə "bazarı qurban vermək"lə deyil, endirimlərlə "bazarı yenidən qazanmağ"ı seçərlər, deyə düşünürəm. Yəni gələcək inflyasiya gözləntiləri gətricən aşağı doğru inkişaf edə bilər.
Amerikada 2024-cü ildə keçiriləcək prezident seçkisi fonunda proseslər, yəni siyasi risklərin özəl sektora təsiri də yaxından izlənilməlidir. Ölkədə siyasi böhranın dərinləşməsi, özəl sektorun imkanlarını - dözümlülüyünü də sual altına qoya bilər, çünki xərcləri artır. Bu, fundamental analizə yenidən baxılmasına ehtiyac yaradacaqdır.
Dolların foreks bazarlarında bahalaşaması, qızıl və bitkoinə nisbətən ucuzlaşması proqnozlaşdırılır.
Dollar, avro, funt sterlinq, qızıl, neft və bitkoin kimi maliyyə alətlərinin texniki mənzərəsinə təsiri fonunda, qeyd etmək lazımdır ki, bankların yüksək faiz vədlərinin dayanması, valyutalara olan tələbdə artımın məhdudlaşmasına səbəb olacaqdır. Belə şəraitdə dollar digər aparıcı valyutalara nisbətən daha güclü mövqedə ola bilər. Yəni EUR/USD, GBP/USD, AUD/USD, NZD/USD kimi məzənnələrdə qlobal eniş yaşanıla bilər. Dollar indeksi üzrə texniki analizlər də artımın davam edə biləcəyi proqnozlarının güclü qalmasına əsas verir. Əmtəə birjalarına gəldikdə, burada mənzərə qarışıq hal ala bilər. Məsələn, dollar qızıla nisbətdə mövqe itirə, qızıla tələb daha da arta bilər, xüsusilə, yüksək inflyasiya şəraitində qızılın bahalaşması proqnozlaşdırılandır. Neft dollara nisbətdə ucuzlaşmaqda davam edə bilər. Kriptovalyuta birjalarında isə dollar burada da mövqe itirə bilər. Bitkoin yeni güclü artım dalğasına qədəm qoyub. Bu, rəqəmsal koinlərə investisiyaları artıracaqdır.
Proqnozlar cari şəraitdə fundamental analizə əsaslanmışdır və texniki mənzərə hər an sürprizlərə, yeni şərtlərin yaranması ilə fundamental təhlillərə də yenidən qayıtmağa səbəb ola bilər. Detallı texniki qiymət proqnozları üçün günlük analizlər həyata keçirmək lazımdır. Bunun üçün səhifəmizdə texniki analiz bölməsini izləyə bilərsiniz.