8.1.23
ABŞ-ın əmək bazarına dair cümə günü dərc edilən müsbət rəsmi statistik məlumatlardan sonra birjalarda risk iştahının artması dolların ziyanına baş tutdu. Bu, bazarlarda FED-in faiz artımı addımlarının cari il üzrə 0.10 %-ə enməsi ilə əlaqədardır. Lakin investorların proqnozlarının dəyişə biləcəyi ilə bağlı fundamental və texniki zəmin yaranmaqdadır.
Amerika iqtisadiyyatı və siyasətinə dair şübhələr payızda artdıqdan sonra birjalarda risk iştahı azalmağa başladı. Bu, dollarda qlobal bahalaşma trendinin də dayanmasına səbəb oldu. DXY 10 %-dən çox endi. EUR/USD 0.95 $-dan 1.07 $-a yüksəldi. GBP 1.04 $-ın altından 1.24 $-ın üzərinə qalxdı. USD/JPY məzənnəsi 152 yendən 130 yenə endi. İnvestorların böhranlı dövrlərdə yönəldiyi qızılın bir unsiya qiyməti isə 1866 $-a kimi 16 % dəyər qazandı. Bitkoin 15 500 $-a kimi 39 % dəyər itirdi.
Lakin dekabrda işsizliyin sürpriz olaraq 3.5 %-ə düşməsi xəbəri investorların 2023-cü ilə nikbin qədəmlərlə daxil olmasına səbəb oldu. Təkcə üzlərdə gülüşə deyil, beynəlxalq bazarlarda risk iştahının da artmasına səbəb oldu.
Amerikanın əmək bazarına dair cümə günü müsbət göstəricilərin yayımlanmasından sonra ticarət aktivliyi artsa da dolların ucuzlaşması suallar yaratdı. Bunun səbəbi treyderlərin FED-in gələcək siyasəti fonunda da emin olmaq istəyidir. İlin ilk toplantısı yanvarın 30-da başlayacaq və faiz qərarı 1-ində açıqlanacaqdır. Dolların ucuzlaşması ilə avro, funt sterlinq, yapon yeni və bitkoin də bahalaşdı.
Jerom Povelin sədrlik etdiyi ABŞ-ın mərkəzi bank sistemi Federal Ehtiyat Sistemi (FED) sonuncu dəfə dekabrın 14-də faiz dərəcəsini 0.5 % artırmaqla yuxarı sərhədini 4.50 %-ə qaldırdı. Aşağı həddi 4.25 %-dir. Növbəti toplantıda treyderlərin 80 %-dən çoxu 0.25 %-lik artım proqnozlaşdırırlar. Bu, 2022-ci ilin 0.75 %-lik faiz artımı addımlarının 2023-cü ildə çox zəifləyəcyindən xəbər verir. İlin sonuna isə iqtisadçıların 33 %-ı 5.5 %, 28 %-ı 5.75 % və 19 %-ı 5.25 %-lik hədəf faiz dərəcəsi proqnozlaşdırır.
Bununla yanaşı, istiqraz gəlirliyi 1 illiklər üzrə 4.83 %-dən 4.73 %-ə, 10 illiklər üzrə 3.89 %-dən 3.56 %-ə enib.
Beləliklə, FED-in gələcək siyasəti ilə əlaqədar fevral ayında əminliyin artması, dollara olan tələbi yenidən gücləndirəcəkdir. Lakin Povel dekabr ayında faiz artımı addımlarının toplantılar üzrə 0.75 %-dən 0.50 %-ə enməsinə baxmayaraq, görüləcək işlərin çox olduğunu desə də görünən odur ki, birjalar hədəf faiz dərəcəsinin çox da yüksək olacağına inanmırlar. Fevral ayı üzrə faiz artımı addımı ehtimalının 0.25 %-ə enməsi və ilin sonuna hədəf faiz proqnozları bunu deməyə əsas verir. İlin sonuna ən yüksək faiz hədəfi proqnozunun 5.50 və 5.75 olduğunu nəzərə aldıqda, bu , 2023-cü il üzrə hər toplantıya 0.10 %-lik faiz addımına işarə edir.
Digər tərəfdən, əmək bazarından gələn müsbət siqnallar və demokratların iqtisadiyyata investisiya siyasətində Konqresdə əldə edilmiş uğurları, FED-in cari il üzrə hər ay faiz artımı addımlarının və ilin sonuna hədəf faizinin yüksələ biləcəyinə zəmin yaradır.
Güvənli liman maliyyə aləti qızıl da yenidən müqavimətlə rastlaşa, avro, funt sterlinq və Yaponiya yeni təzyiqlərlə rastlaşa bilər. Kriptovalyuta birjalarında da risklər yüksək olduğu üçün bitkoinin risk iştahının artmasından müsbət təsirlənməsi uzun davam etməyə bilər.
Texniki analizlərə əsasən, EUR/USD-də 1.08, GBP/USD-də 1.22 güclü müqavimət, USD/JPY-də 128 önəmli dəstək səviyyələridir. XAU/USD kursu da 1900 $-dan sonra əməliyyat həcmlərinin azalması ilə rastlaşa bilər. BTC/USD məzənnəsi isə 17 800 - 17 500 dəhlizində güclü müqavimətlə rastlaşa bilər.