9.3.23
Enerji birjalarında Brent nefti 87 $-ın altında müqavimətlə rastlaşaraq dəyər itirməyə başlayıb. Mütəxəssislər bunu FED sədrinin çıxışı ilə əlaqələndirsələr də bunun tək səbəb kimi göstərilməsi, doğru olmazdır. Bazarda yaranan yeni amillər də nəzarətdə saxlanılmalıdır ki, sahənin gələcəyinə dair təəssürat da düzgün olsun.
Neft qiymətləri 2022-ci ilin əvvəlindən qlobal eniş dalğasına başlayıb. Doğrudur ki, FED və digər aparıcı ölkələrin mərkəzi bankları da elə faiz artımına keçən ildən başladılar. Lakin nəzərə alınmalıdır ki, OPEC də öz növbəsində hasilat səviyyələrinə məhdudiyyətlər tətbiq etməklə, bazarlarda qiymətlərə nəzarəti gücləndirib.
Burada iki qütbün rıçaqları ilə son illər neft qiymətlərinə güclü təsir etdiyi müşahidə edilməkdədir. Sirr deyil ki, G7 ölkələrinin sərt monetar siyasətləri dollar və digər aparıcı valyutaları bahalaşdırmaqla bərabər, alıcılıq qabiliyyətini də məhdudlaşdırır, investisiyaların qarşısını alır. Bu, istehlaka mənfi təsir etməklə, neftə olan tələbi də azaldır. Neft qiymətləri ucuzlaşır.
Digər tərəfdən, Neft İxrac Edən Ölkələr təşkilatı (OPEC) ilə Rusiya və müttəfiq neft sənayesi ölkələri də istehsalı və emalı limitləməklə, təklifi daraldır və qiymətlərə dəstək olur. Bunun nəticəsində Brent nefti zamanla 98, 84 və 75 $-da ciddi dəstək gördü. Səudiyyə Ərəbistanının enerji naziri də sonuncu dəfə bazarlara hər an müdaxilə etməyə hazır olduqlarını bildirib.
Bütün bu gedişlərin hara kimi, nə vaxta kimi davam və təsir edəcəyini demək çətin olsa da, son günlər yeni bir xəbər gələcəyə dair aydın təsəvvür yaradır. Belə ki, Tesla elektrik avtomobillərin qiymətinlərini endirməyə başlayıb - söhbət 5000 - 10 000 $-lıq endirimlərdən gedir. Endirimlər satış qiymətləri ilə müqayisədə ciddi hesab edilməsə də sektorda gələcək proseslərin əsasını qoymuş olur. Belə ki, rəqib istehsalçılar müvafiq addımlar atmaqla, bazar uğrunda qiymət yarışı başladacaqlar.
Bu, elektrik avtomobillərinə olan marağı artırmaqla, yanacaq motorlu nəqliyyat vasitələrinə olan tələbi də azaldacaqdır. Nəticədə neftin kursu növbəti ciddi eniş dalğasına daxil ola bilər.