7.4.23
Amerikanın əmək bazarına dair önəmli fundamental göstəricilərin açıqlanmasından sonra risklərin artması fikirləri daha da güclənib. FED-in sərt monetar siyasəti fonunda iqtisadiyyatın davam gətirməsi üçün qlobal risklərin azalması lazımdır. Lakin bunun tam əksi müşahidə edilir.
İşsizlik səviyyəsinin mütəxəssislər tərəfindən mart ayında 3.6 %-də qalması proqnozlaşdırılsa da 3.5 %-ə enib, deyə cümə günü ölkənin statistika idarəsinin məlumatlarında göstərilib. Digər tərəfdən, qeyri-kənd təsərrüfatı sahələrində məşğulların (NFP) sayında 239 min nəfərlik artımın ehtimal edilməsinə baxmayaraq, yalnız 236 min nəfərlik artım qeydə alınıb. Bu, işsizliyin gələcək aylarda yenidən arta biləcəyinə işarədir. Fevral ayının 311 min nəfərlik göstəricisinin 326 min nəfərə yüksəldilməsi isə işsizliyin sadəcə ləng arta biləcəyini göstərir. Əmək haqlarında illik artım göstəricisi də 4.6 %-dən 4.3 % qarşılığında 4.2 %-ə enib.
Bütün bunlar əmək bazarında vəziyyətin çətinləşdiyini göstərir. Bunun əsas səbəbi faizlərin yüksək olması ilə yanaşı iqtisadiyyatda gəlirliliyin də aşağı enməsidir. Çərşənbə axşamı fevral ayında ölkədə təklif edilən boş iş yerlərinin sayında da 10.6 milyondan 9.9 milyona kimi azalmanın olması açıqlanmışdı.
Amerikanın mərkəzi bankı FED yüksək inflyasiya ilə mübarizədə faizini sonuncu dəfə mart ayında 5 %-ə qaldırmaqla, 2006-ci ilin iyun ayının 5.25 %-ı gözardı edilərsə, 2001-ci ilin mart ayından (22) ən yüksək səviyyəsinə çatmasına səbəb olub. Lakin bu dövrün 9 ili faizlər 0.25 % səviyyəsində olmuşdur. Məsələ də burasındadır.
21-ci əsrin ilk 20 ili ərzində faizlərin, demək olar ki, aşağı səviyyədə olması, özəl sektor ilə istehlakçıların güclü borclanmasına səbəb olmuşdur. ABŞ-da ümumi borc səviyyəsi 16.9 trilyon dollar ilə tarixi maksimumunu yeniləməkdə davam edir. 2008-ci ildə borc səviyyəsi gəlirlərlə müqayisədə 100 %-ə çatanda böhran yaşanılmışdı. Bundan sonra 2020-ci ilə kimi nisbət 74 %-ə ensə də yenidən artmağa başlayıb. Borc yükünün yüksək olması şəraitində faizlərin artırılması isə iqtisadiyyatda həyəcanı artırır, istehlak və investisiyalar azalır.
Bundan əlavə, qlobal iqtisadiyyatda risklər dərinləşərsə, bu, Amerikanın ÜDM-nə daha da mənfi təsir edəcəkdir. Borcun ÜDM-ə nisbəti daha sürətlə artacaqdır. Amerikanın ixracında azala artıq sirr deyil. Fevral ayında göstərici 251.15 milyard dollara kimi 2.66 % azalıb. Ümumilikdə 2022-ci ilin avqust ayından tendensiya 4.25 %-lik (11 milyard dollardan çox) azalmaya çatıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristalina Georgieva cümə axşamı Vaşinqtonda verdiyi açıqlamasında, dünya iqtisadiyyatında inkişafın məhdud - 3 %-ın altında qalacağını proqnozlaşdırıldıqlarını bir daha vurğulayıb. Təşkilatın bu il üzrə inkişaf proqnozu 2022-ci il ilə müqayisədə 0.5 % az, 2.9 %-dır. Rusiyanın bu gün may ayında taxıl sazişindən çıxacağını bəyan etməsi də fundamental risklərin artacağına işarədir. Yaxın şərqdə hərbi qarşıdurmalar güclənir, uzaq şərqdə Şimali Koreya raket sınaqlarını artırır.
Nəzərə alınsa ki, Ukrayna müharibəsi ilə əlaqədar, Qərb sanksiyaları daha da gücləndirəcək, onda dünyada iqtisadi və siyasi risklərin artması gözlənilir. Bu dövrü ABŞ başda olmaqla inkişaf etmiş ölkələrin sənaye sektoru təsirsiz keçməyəcəkdir. Gəlir azalmaqla, işdən çıxarılmalar və müflis elan edilən şirkətlərin sayı artacaqdır.