5.2.23
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin müsbət açıqlanmasından sonra valyuta birjalarında dollar sürətli bahalaşma dalğasına daxil oldu. Bu həftə isə investorları maraqlandıran növbəti sual trendin davamı və buna təsir edə biləcək amillərdir.
ABŞ-da yanvar ayında işsizlik səviyyəsi artım proqnozlarının əksinə olaraq 3.4 %-ə enib. Daha maraqlısı, kənd təsərrüfatı sahələrində məşğulların (NFP) sayında artımın 517 000 nəfər ilə son 6 ayda görünməyən səviyyəyə çatması faktıdır. Bundan əlavə, əmək haqlarında artım da 4.4 %-ə çatıb.
Statistik rəqəmlərin dərc edilməsindən sonra dollar indeksi 103 punkta yüksəldi və bu, 105 punkta kimi bahalaşma ehtimallarını da gücləndirir. 4.14 %-lik bahalaşma. EUR/USD 1.08 $-ın altına, GBP/USD 1.2050 səviyyəsinə endi. USD/JPY artıq 131 yenin üzərində dalğalanmaqdadır.
Fevralın 6-da başlayacaq yeni həftədə Amerika, Avropa, Almaniya, Yaponiya, İngiltərə, Avstraliya və Yeni Zelandiyadan açıqlanacaq vacib fundamental göstəricilər ilə yanaşı, Çindən yayımlanacaq inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.
Çində iqtisadi aktivliyə dair siqnallar
Cümə günü Bakı vaxtı ilə saat 5:30-da Çindən istehlak və istehsal qiymətləri indeksi açıqlanacaq. İqtisadçılar dünyanın ikinci ən böyük ölkəsində inflyasiyanın yanvar ayında 1.8 %-dən 2.2 %-ə yüksələcəyini ehtimal edirlər. Görünən odur ki, Çində son pandemiya məhdudiyyətlərinin yumşaldılması özünü iqtisadi aktivliyinin güclənməsində göstərməkdədir. Qlobal bahalaşma dalğası fonunda Çinin kommersiya fəaliyyətləri öz qiymətlərini də artırır. İstehlakın güclənməsi ilə bahalaşma baş verir. Oktyabr ayından Çində inflyasiya 2.8 %-dən enməyə başladı və noyabrda 1.6 %-ə çatmışdı.
Bunun valyuta birjalarına təsiri baxımından önəmi ona görə yüksəkdir ki, qlobal iqtisadiyyatda canlanma yenidən güclənə və FED faiz artımında cəsarətlənə, dollar da bahalaşa bilər.
Amerika və Çin iqtisadiyyatı ilə bağlı nikbinlik elektro avtomobillər bazarının perspektivləri ilə də əlaqəlidir. Gələcəyin nəqliyyat sektorunda Çin liderliyi qorumaqdadır. Amerikanın mövqeyi ikinci olsa da çox geri qalmır. Sonrakı yerləri sıra ilə Almaniya, Cənubi Koreya, Yaponiya, Fransa və İtaliya tutur. Bu, sadalanan ölkələrin iqtisadiyyatlarında sahəyə olan marağı, investisiyanın intensivliyini və inkişaf istiqamətlərini göstərir.
ABŞ-ın demokrat höküməti də iqlimin mühafizəsi fonunda investisiyaları genişləndirməyi prioritet siyasət hesab edir. Bunun üçün ənənəvi yanacaq bazarında tələb aşağı enməlidir. Bu baş verdikcə, dövlətin investisiyaları artacaq və iqtisadiyyatda inkişaf trendi güclənəcəkdir.
BP-nin maliyyə hesabatı
Bununla bağlı gələn həftənin çərşənbə axşamı BP tərəfindən açıqlanacaq maliyyə hesabatı da önəmli rol oynayacaqdır. Təbii neft sektorunda 1909-ci ildə yaradılan "British Petroleum" 55 milyard dollar ilə dünyada 7-ci ən böyük kompaniyadır. Burada işlərin zəifləməsi və ya yaxşılaşması neftə olan tələbin müvafiq olaraq ya aşağı düşməsi, ya da artmasından xəbər verir. Neft qiymətini proqnozlaşdırmağa da imkan yaranır
Neftin ucuzlaşmağa başlayıb
Enerji birjalarında Avropanın Brent nefti dekabrın əvvəlindən eniş trendinə başlayıb. Qiymətin cari texniki mənzərəsinə əsasən, bir barel qiymət 85 $-ın altında qaldıqca, ucuzlaşmanın davam edəcəyi proqnozları güclü olaraq qalır. Hazırda 80 $-ın altında ticarət edilən fyuçerslərin növbəti önəmli dəstək səviyyəsi 65.75 $-dır.
Beləliklə, qlobal iqtisadiyyat və neftin ucuzlaşması ilə bağlı müsbət siqnallar gələn həftə investorların diqqqət mərkəzində olacaq ən önəmli hadisələrdir.