14.4.23
Dünya maliyyə bazarlarında son dinamik tendensiyalara yenidən baxmaq, mümkün ssenarilər haqqında düşünmək, hər şeyə hazır olmaq və yaranan fürsətlərdən əlavə fayda götürmək lazımdır.
Son kurs dalğalanmaları bir hadisədən sonra sürət almağa başladı. ABŞ-da inflyasiyanın enməsi xəbəri. Bu, FED-in faiz artımı siyasətini dayandıracağını gündəmə gətirməklə bərabər, qızılın yüksəlməkdə davam etməsi ilə (Şəkil 1) beyinlərdə sualları artırdı, müzakirələri intensivləşdirir.
İnflyasiya və mərkəzi bank faizləri enirsə, qızılda bahalaşma səngiməlidir. Əks təqdirdə, inflyasiyada azalmanın müvəqqəti korreksiya olmasına dair şübhələr oyanır. FED-in faiz siyasəti fonunda suallar çoxalır.
ABŞ-da inflyasiya 2022-ci ilin iyun ayında 9.1 % ilə 1989-ci ildən ən yüksək səviyyəsinə çatdıqdan sonra iyul ayından enməyə başlamışdı (Şəkil 2). Bugünə kimi - 2023-cü ilin martında 5 %-ə çatdı. Arada - 2020-ci ildə kəskinləşən korona böhranı dövründə 0 %-ə kimi enən inflyasiya, sürətlə özünə gələn iqtisadiyyat ilə iki il ərzində 9 %-ın üzərinə çıxmışdı. Amerikada qızan iqtisadiyyat özünü bu gün də əmək bazarı göstəricilərində göstərir. Evə qapanan insanların onlayn platformalara - Netflix, Amazon, Google və s. şirkətlərin strim xidmətlərinə olan tələbi artmaqla, texnologiya sektorları güclü böyümə gördü və bundan bütün iqtisadiyyat faydalanmağa başladı. Bunu görən Amerika Ehtiyat Bankı (FED) da "soyutma tədbirləri çərçivəsində" faizlərini yüksəltməyə başladı (Şəkil 3). Bundan sonra 2022-ci ilin payızında istehlak qiymətləri yenidən korreksiya etməyə başladı. İndi inflyasiyanın gələcək tendensiyasını proqnozaşdırmaq üçün ona təsir edən amillərə bir də qayıdaq.
Yuxarıda göstərilən daxili dinamik amillər ilə bərabər, dünya enerji birjalarında, xüsusilə neft və qaz qiymətlərinin bahalaşması da qərbdə - Amerikada istehlak qiymətlərinin bahalaşmasına səbəb olurdu. Daxili yanacaq motorlu avtomobillərin ömrünün bitməsinə dair fikirlərin yayqınlaşdığı dövrdə, hazırda 87 $-a ticarət edilən Brent markalı neftin bir barelinin qiyməti üzrə gələcək proqnozlar yuxarı doğrudur - 95 $-a çatıb. Buna "OPEC Plus"-un son qərarı rəvac verib. Mart ayında neftin 70 $-dan cari səviyyələrə kimi yenidən 24.3 % dəyər qazanması, özünü gələcək aylarda istehlak və istehsal qiymətlərində də yenidən göstərəcəkdir.
Daha irəli ssenarilər fonunda, yəni neftin qiyməti 100 $-a çatarsa, inflyasiya da indi enməsinə baxmayaraq, yenidən yüksələcək və ya indiki yüksək səviyyələrində qalacaqdır. Xatırlatmaq üçün qeyd etmək lazımdır ki, 100 $ 2022-ci ilin oktyabr ayının müqavimət səviyyəsidir və bu zaman inflyasiya ABŞ-da 8 % idi. Belə olan halda, FED faizlərinə yenidən göz gəzdirməmiş, qızıl da zirvələrini sınayacaq, tarixi maksimumlarını yeniləyəcək. Amerika iqtisadiyyatında hazırda yüksək inflyasiyaya qarşı real faizləri artırmaq elə asan deyil, çünki həssaslıq yüksək olaraq qalır - bank və ondan asılı olan digər sektorlarda yüksək borc yükü ilə risklər böyükdür.
Neft qiyməti üzrə dərin təhlillərə isə ehtiyac yoxdur, çünki trend yuxarıdır. Trend qırılmadıqca, ona əks ssenarilər haqqında düşünmək isə özünü aldatmaq olardı. "OPEC" və digər neft ölkələrinin bazara təsiri də güclü olaraq qalır. Bundan əlavə, şimal ölkələrində gələcəyin yaşıl investisiyaları fonunda proseslər ləng gedir və bununla bağlı gözlər 2024-cü ilin seçkilərinə fokuslanıb. Gələn il Avropada parlament və ABŞ-da prezident seçkiləri olacaqdır. ABŞ-da demokratlar katolik Co Bayden ilə hakimiyyətdə olmaqla bərabər, respublikaçı Trampın öncüllüyündə güclü cərəyanlar da diqqət mərkəzində saxlanılmalıdır. Avropada sosial və xristian demokratlar hakimiyyətdə üstünlük təşkil edir. Lakin bununla bərabər, alternativ enerji sektoruna investisiyalar kifayət etmir və ya ənənəvi enerji mənbələrinə (qaz, neft və kömür) ehtiyac yüksək olaraq qalır. Digər tendensiya elektrikmobillər sektorunda qiymət endirimlərinin başlamasıdır. Bu, gələcəyin bazarını qorumaq və onu təşviq etmək tədbirləri çərçivəsində həyata keçirilməklə yanaşı, bir başqa tərəfdən, bazara tələbin aşağı düşəcəyinə dair siqnallar da vermiş olur.
Beləliklə, fundamental analizin nəticəsiləri ilə demək lazımdır ki, inkişaf etmiş ölkələrdə - ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyada inflyasiya ensə də qiymətlər fonunda risklər yüksək olaraq qalmaqdadır. İnflyasiya yenidən yüksələ və ya ən azı 2 %-ə çatmaya bilər. Belə şəraitdə mərkəzi bankların hərəkət etmək imkanı isə məhdud qalarsa, bu, EUR/USD, GBP/USD kimi aparıcı valyuta məzənnələrinin, son günlər onlarda yüksəliş müşahidə edilsə də müqavimətlə rastlaşacaqları, hətta ucuzlaşmağa başlayacaqları ilə bağlı proqnozlarının da aktual qalmasına əsas verir. Qızılda bahalaşma dalğası davam, bank faizlərinin enməsindən səhm və fond bazarları müsbət təsirlənə, bitkoinə tələb daha da arta bilər.