25.4.23
Dünya birjalarında hazırda ən çox suallar FED-in gələcək siyasəti və dolların kursu ilə əlaqədardır. Bu, nə qədər sadə və təkrar səslənsə də ABŞ iqtisadiyyatının dayanıqlılığından asılı olacaqdır. Məlumdur ki, ABŞ iqtisadiyyatı çətin anlarını yaşayır. Sərt, yoxsa yumşaq enişindən asılı olaraq isə FED də "yüksək faiz" dərəcələrini müvafiq şəraitə uyğun ya düzəldəcək, ya da cari səviyyədə saxlayacaqdır.
Bazarlarda proqnozlar FED-in maliyyə şərtlərini (Şəkil 1) bundan artıq daha da sərtləşdirməyəcəyi istiqamətində olsa da, faiz dəhlizini saxlamaq istədiyi "yüksək səviyyələr"-ə dair fikir ayrılıqları mövcuddur. Cari 5 %-ə də qala və ya 3 %-ə kimi endirə bilər. Ölkənin baş bankirlərin qərarlarına təsir edəcək amilləri sadalamamışdan öncə xatırlatmaq lazımdır ki, onların birinci məqsədi dolları cəlbedici saxlamaq olmalıdır ki, yüksək borc fonunda çox əziyyət çəkməsin. Ölkənin mərkəzi bankına görə, əsas hədəfi işsizliyi təmin etmək və inflyasiyanı 2 - 3 % civarında saxlamaq olsa da, ölkə valyutası - dayanıqlı dollar hədəflərinə təsiri baxımından önəmli rol oynayır. Hazırda ABŞ iqtisadiyyatı yüksək borc üzündən 5 - 9 %-lik inflyasiya (Şəkil 2) fonunda özünə gələ bilmir.
Məlumdur ki, əmtəə birjalarında neft və digər xammal qiymətləri yüksəlsə, dünya və Amerikada inflyasiya yenidən artacaq və bu, FED-in əlini - qolunu da kəsəcək. İdxal olunan yüksək inflyasiya fonunda FED dolları yüksək faizləri ilə çox cəlbedici saxlaya bilmir, çünki iqtisadiyyat, səhm və fond bazarları müqavimətlə rastlaşır. Yəni yüksələn əmtəə qiymətləri ilə bərabər inflyasiyanın artması, iqtisadiyyatda riskləri də artırır. FED faizlərini çox artıra bilmir, hətta azaltmağa məcbur qala bilər. İnflyasiyanın yüksəlməsi ilə bərabər, maliyyə bazarlarında faiz artımı ehtimallarının güclənməsinə baxmayaraq, ehtiyatlı olmaq lazımdır. FED aşırı qızmış iqtisadiyyatda, enerji xərclərinin artması riskləri fonunda faizlərini daha da yüksəldə bilməz. Bilər? Şübhə edirəm.
Sirr deyil ki, yüksək inflyasiyanın əsas səbəbilərinə neft qiymətlərinin (Şəkil 3) payı daha çoxdur. 2022-ci mart ayında 135 $-a çatan Brent neftinin qiyməti, burada müqavimətlə rastlaşaraq yenidən enməyə, buna paralel yay aylarından da inflyasiya enməyə başladı. Son analitik yazıda Brent nefti fonunda yaxın gələcək üçün trend yuxarı idi və qiymətlərinin daha da bahalaşması proqnozlaşdırılırdı. Lakin trend aprelin ortalarında yenidən qırıldı, qiymət 81 $-a kimi 8.2 % düşdü. Yenidən dəstək görən bir barelin kursu, neft ölkələrinin ümidlərini artırsa da 84 və 88 $ - güclü müqavimət səviyyələri qırılmadıqca, əmin proqnozlar vermək çətindir.
Birinci amil kimi enerji bazarlarında, xüsusilə neft qiymətlərdəki dalğalanmalar vurğulansa da, ABŞ iqtisadiyyatının daxilində də yüksək inflyasiyaya səbəb olan amillər mövcuddur. Bu da iqtisadiyyatın aşırı qızması. Bu təhlükə isə hələ sovuşmayıb.
FED gələcək siyasətinə təsir edəcək digər üçüncü amil Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ və Avropanın sanksiya siyasətidir. Sərt siyasət inkişaf etmiş ölkələrin bazarlarının xarici ticarətdə dövriyyələrini, gəlirlərini və valyuta idxalı kanallarını daraldır. Bu da öz növbəsində, FED-in maliyyə şərtlərini sərtləşdirməsi imkanlarını məhdudlaşdırır.
Beləliklə, FED-in gələcək siyasətini proqnozlaşdırmaq üçün daxildə iqtisadiyyatın qızması ilə tətiklənən və yaxud xaricdən idxal oluna bilən yüksək inflyasiya haqqında fikirə sahib olmaq və bunun iqtisadiyyata siyasi amillərlə bərabər təsirini ölçmək lazımdır. Bu zaman ən ideal mayak aləti kimi fond bazarları üzrə indeksləri, məsələn, SP500-i analiz etməli olacağıq.
SP500 üzrə analizlər onu göstərir ki, FED fond indeksinin 4200 punkt müqavimətini qırıb-qırmamasını nəzərə alacaqdır. Amerika iqtisadiyyatı ya belə, ya elə çətin vəziyyətdədir. İqtisadçıları və fundamental analitikləri sadəcə bu çətin vəziyyətin sərt eniş, yoxsa yumşaq eniş ilə müşayət olunacağı müəmması düşündürür. Bu isə sözügedən 4200 punkt ətrafında proseslərdən asılı olacaqdır. İqtisadiyyatda 500 aparıcı səhmdar şirkətlərin orta indeksi - SP500 4200 punktun üzərində möhkəmlənərsə, FED uçot faiz dəhlizini 4.75 - 5 %-də saxlaya, əlavə 0.25 % yüksəldə bilər. Əks təqdirdə, uçot faiz dəhlizində 3 - 3.25 %-ə kimi korreksiya edilə bilər.
Kriptovalyuta birjalarına da toxunmaq məqsədilə, bitkoində (Şəkil 4) son ciddi korreksiyanın da dollara olan tələbi yüksəltdiyini və bunun SP500-ün müqavimətini qırması ehtimallarına da müsbət təsir etdiyini vurğulamaq lazımdır. ABŞ iqtisadiyyatının xeyri üçün baha dollar deyil, dayanıqlı səviyyələrdə dalğalanan və tələb olunan dollardan gedir söhbət.
BTC/USD məzənnəsi neft ilə birlikdə aprelin 14-də 31 000 $-da müqavimətlə rastlaşaraq, 27 000 $-a kimi 12.9 % endi.
Qeyd etmək lazımdır ki, FED-in növbəti faiz qərarı mayın 3-ü açıqlanacaqdır. Bununla yanaşı, ABŞ iqtisadiyyatı ilə əlaqədar dərc ediləcək fundamental statistik göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır.